Xəbər
Yod çatışmazlığına qarşı ən sadə üsul
Yod çatışmazlığının qarşısını almağın yollarından biri yodlaşdırılmış duzdan istifadə etməkdir. Lakin yodun miqdarının azalmasının qarşısını almaq üçün duzu yemək bişdikdən və bir qədər soyuduqdan sonra əlavə etmək lazımdır.
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya "Meditsina" klinikasının endokrinoloqu Nataliya Tananakina bildirib.
Həkimin sözlərinə görə, duz qaynadılarkən tərkibindəki yodun 30-50 faizi itə bilər. Gündəlik tövsiyə olunan duz miqdarı təxminən 5-6 qramdır. Duzun hər kiloqramında 40 mq yod olduqda, bu miqdar orqanizmin gündəlik yod ehtiyacının ödənilməsinə kömək edir.
Bununla yanaşı, tireotoksikoz diaqnozu qoyulmuş şəxslərə, bəzi düyünlü zob növlərində və radioaktiv yodla müalicədən sonrakı erkən dövrdə yodlaşdırılmış duzdan istifadə əks göstəriş ola bilər. Belə hallarda qidalanma rejimi mütləq müalicə həkimi ilə razılaşdırılmalıdır.
Endokrinoloq qeyd edib ki, hamiləlik, ana südü ilə qidalandırma və erkən uşaqlıq dövründə orqanizmin yoda tələbatı xeyli artır. Bu zaman yalnız yodlaşdırılmış duz kifayət etməyə bilər və həkimlər kalium yodid preparatları təyin edə bilərlər.
Hamilə qadınlarda gündəlik 250 mikroqram yod qəbulunu təmin etmək məqsədilə bu preparatlardan istifadə oluna bilər.
Həkim, həmçinin həftədə 1-2 dəfə dəniz kələmindən (laminariya) hazırlanmış salat yeməyi tövsiyə edib. Bununla belə, o vurğulayıb ki, laminariya qida məhsuludur, dərman deyil və onu hər gün yeməyə ehtiyac yoxdur.
